Yerli özünüidarənin təşkili, daha yüksək imkanlara malik yeni bələdiyyələrin yaradılması və yerli əhəmiyyətli məsələlərin həllində onların fəaliyyətinin genişləndirilməsi məqsədilə qəbul edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” 18 oktyabr 2024-cü il tarixli Qanuna əsasən, 63 şəhər və rayon üzrə 1400 bələdiyyənin birləşməsi nəticəsində 480 yeni bələdiyyə yaradılmış, ölkə üzrə bələdiyyələrin ümumi sayı 1606-dan 685-ə endirilmişdir.
Müvafiq qanunvericilik aktlarına əsasən Lerik və Cəngəmiran bələdiyyələrinin birləşməsi nəticəsində yeni Lerik Bələdiyyəsi yaradılmışdır.
Bələdiyyənin fəaliyyəti və keçirilən iclaslar
2025-ci il ərzində Lerik Bələdiyyəsi tərəfindən 33 iclas keçirilmiş, iclasların gündəliyinə ümumilikdə 82 məsələ daxil edilmiş və həmin məsələlər üzrə müvafiq qərarlar qəbul olunmuşdur.
İclaslarda müzakirə edilən məsələlərdən:
-
48-i vətəndaşların zəbtində olan torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi;
-
14-ü müxtəlif məqsədlər üçün maliyyə vəsaitinin ayrılması;
-
20-si isə təşkilati və digər məsələlərlə bağlı olmuşdur.
Hesabat dövründə yeni Lerik Bələdiyyəsinin icra aparatı formalaşdırılmış, bələdiyyənin fəaliyyəti üçün zəruri olan Daimi komissiyalar, Gender komissiyası və Müsabiqə komissiyası yaradılmışdır.
Vətəndaş müraciətləri və qəbullar
Bələdiyyə hesabat ili ərzində də vətəndaşların qəbulunu təşkil etmiş, onların yazılı və şifahi müraciətlərinə həssaslıqla yanaşmışdır.
2025-ci ildə Lerik Bələdiyyəsinə ümumilikdə 98 ərizə və müraciət daxil olmuşdur. Həmin müraciətlərdən:
-
6-sı maddi yardım göstərilməsi;
-
3-ü sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə;
-
4-ü fərdi yaşayış evi tikintisi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən yer ayrılması;
-
26-sı zəbt olunmuş torpaq sahələrinin sənədləşdirilməsi;
-
1-i mübahisəli torpaq sahəsi;
-
3-ü tikinti və təmir işləri;
-
55-i isə müxtəlif arayış və məlumatların alınması ilə bağlı olmuşdur.
Maddi yardım göstərilməsi ilə bağlı müraciət edən vətəndaşlardan 3 nəfərə pul yardımı edilmişdir.
Bələdiyyənin müvafiq qərarları əsasında 2 nəfərin zəbtində olan torpaq sahəsinin sənədləşdirilməsi işi yekunlaşdırılmışdır.
Müxtəlif dövlət orqanlarına təqdim etmək üçün arayış və məlumat almaq məqsədilə müraciət edən 55 vətəndaşın müraciəti müsbət həll edilmişdir. Digər müraciətlərə də qanunvericiliyin tələblərinə uyğun, əsaslandırılmış cavablar verilmişdir.
Hesabat dövründə bələdiyyə sədri tərəfindən 106 nəfər vətəndaş fərdi qaydada qəbul edilmiş, onların müraciətləri dinlənilmiş və həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Sənədlərlə iş və yazışmalar
2025-ci ildə Lerik Bələdiyyəsinə rəsmi dövlət orqanları, idarə və təşkilatlardan ümumilikdə 57 sənəd və məktub daxil olmuşdur. Onlardan:
-
29-u mərkəzi icra hakimiyyəti orqanlarından;
-
13-ü yerli icra hakimiyyəti orqanlarından;
-
15-i isə müxtəlif idarə və təşkilatlardan göndərilmişdir.
Daxil olan məktub və sənədlərə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə cavablar verilmişdir.
Ədliyyə Nazirliyinin Lənkəran Regional Ədliyyə İdarəsindən göndərilmiş tövsiyə, təlimat və məlumat xarakterli sənədlər, habelə qanun və qaydalardan çıxarışlar istifadə olunması üçün bələdiyyənin müvafiq struktur bölmələrinə təqdim edilmişdir.
Eyni zamanda Lerik Bələdiyyəsi tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, müxtəlif idarə və təşkilatlara ümumilikdə 128 sənəd, məktub və sorğu göndərilmişdir.
Büdcə və maliyyə fəaliyyəti
2025-ci ildə bələdiyyənin büdcəsinə 2024-cü ildən 91,09 manat qalıq vəsait keçmişdir.
2025-ci il ərzində bələdiyyə büdcəsinə ümumilikdə 30 679,16 manat vəsait daxil olmuş, həmin vəsaitin 24 025,32 manatı müxtəlif istiqamətlər üzrə xərclənmişdir.
2026-cı ilə bələdiyyə büdcəsində 6 635,96 manat qalıq vəsait qalmışdır.
Yerli vergilərin yığılması və vergi bazasının genişləndirilməsi
Ötən dövr ərzində Lerik Bələdiyyəsi yerli vergilərin yığılması sahəsində ciddi irəliləyişə nail olmuşdur. Belə ki, 2024-cü illə müqayisədə 2025-ci ildə yerli vergilərin yığılmasında 7 dəfəyə yaxın artım müşahidə edilmişdir.
Bu artımın əldə olunmasında ilk növbədə bələdiyyə üzrə vergi bazasının dəqiqləşdirilməsi və genişləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlər mühüm rol oynamışdır.
Bu məqsədlə Əmlak Məsələləri üzrə Dövlət Xidmətində qeydiyyatda olan və bələdiyyə ərazisinə aid 945 ədəd əmlak barədə məlumat əldə edilmişdir. Həmin məlumatlardan:
-
536-sı fərdi yaşayış evləri;
-
409-u isə qeyri-yaşayış obyektləri ilə bağlı olmuşdur.
Bu məlumatların əldə olunması nəticəsində əvvəlki illərdə uçotdan kənarda qalmış əmlak və torpaq sahələrinin müəyyən edilməsi, mövcud məlumatların faktiki vəziyyətə uyğunlaşdırılması və reyestr məlumatlarının yenilənməsi mümkün olmuşdur. Nəticədə vergi tutulan obyektlərin sayı əhəmiyyətli dərəcədə artırılmışdır.
Uzun illər diqqətdən kənarda qalmış bir sıra əmlaklar uçota alınmış, vergitutma sahəsində daha ədalətli və şəffaf sistemin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Lerik Bələdiyyəsində vergi uçotu sistemi müasir tələblərə uyğun şəkildə təkmilləşdirilmişdir. Bələdiyyə Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin təqdim etdiyi SMS xəbərdarlıq xidmətinə qoşulmuşdur. Bu xidmət vasitəsilə vergi ödəyiciləri vergi borcları barədə daha operativ və vaxtında məlumatlandırılmışdır.
Bununla yanaşı, vergi ödəyiciləri ilə fərdi və kütləvi şəkildə izahat və maarifləndirmə işləri aparılmış, bu isə ödəniş intizamının yüksəlməsinə müsbət təsir göstərmişdir.
Bələdiyyə tərəfindən xüsusilə əvvəlki illər üzrə yığılıb qalmış vergi borclarının mərhələli şəkildə ödənilməsi istiqamətində işlər görülmüşdür.
Ümumilikdə, əldə olunan nəticələr vergi intizamının möhkəmləndirilməsi və yerli maliyyə imkanlarının genişləndirilməsi baxımından müsbət dinamikanın formalaşdığını göstərir və növbəti dövrlərdə davamlı artım üçün əsas yaradır.
Abadlıq və kommunal işlər
2025-ci ildə bələdiyyənin maliyyə imkanlarının məhdud olmasına baxmayaraq, bir sıra kiçik həcmli tikinti və abadlıq işləri həyata keçirilmişdir.
Vətəndaşların müraciətləri nəzərə alınaraq Lerik şəhəri İ. Yaqubov küçəsində yerləşən 48 mənzilli yaşayış binasının həyətinin işıqlandırılması üçün müasir standartlara cavab verən işıqlandırma sistemi quraşdırılmışdır.
Bələdiyyənin ərazisinə daxil olan Lerik şəhər qəbiristanlığında 2025-ci ilin iyul ayında təmizlik və abadlıq işləri aparılmış, ərazidəki ot örtüyü biçilmiş və məişət tullantıları təmizlənmişdir.
Bu işlərin daha operativ və səmərəli həyata keçirilməsi məqsədilə bələdiyyənin balansına otbiçən maşın və dəryaz alınmışdır.
Qış mövsümündə görülən işlər
2025-ci ilin qış mövsümündə qarlı hava şəraiti nəzərə alınaraq M. Əliyev, H. Aslanov, A. Heydərov, X. Məmmədov, Ş. Müslümov və N. Əliyev küçələrində yerləşən köməkçi yolların, eləcə də Lerik–Hıramo əsas avtomobil yolunda nəqliyyatın hərəkətində yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Görülən işlər nəticəsində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilmiş, xüsusilə təcili tibbi yardım və digər zəruri xidmətlərin maneəsiz fəaliyyəti diqqət mərkəzində saxlanılmışdır.
Sosial yardım və aztəminatlı ailələrə dəstək
2025-ci ildə Lerik Bələdiyyəsi tərəfindən imtiyazlı və aztəminatlı ailələrə müxtəlif növ yardımlar göstərilmişdir.
8 Noyabr – Zəfər Günü münasibətilə ərazi bütövlüyümüz uğrunda şəhid olmuş şəxslərin ailələrinə və aztəminatlı ailələrə diqqət və qayğının ifadəsi olaraq 8 şəhid ailəsi və 6 aztəminatlı ailə olmaqla ümumilikdə 14 ailə ziyarət edilmiş və onlara bayram sovqatları təqdim olunmuşdur.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə isə 18 aztəminatlı ailə ziyarət edilmiş və onlara Yeni il sovqatları təqdim olunmuşdur.
Beləliklə, 2025-ci il ərzində ümumilikdə 32 ailə ziyarət edilmişdir.
Eyni zamanda, Lerik Bələdiyyəsinə maddi yardım göstərilməsi ilə bağlı daxil olmuş rəsmi müraciətlər əsasında 3 aztəminatlı ailəyə pul vəsaiti ayrılmışdır.
Qanunsuz tikintilərlə mübarizə
Qanunsuz tikintilərlə bağlı bələdiyyə tərəfindən müvafiq tədbirlər görülmüşdür. Bu məqsədlə əraziyə baxış keçirilmiş, mövcud tikililərin qanunvericiliyin tələblərinə uyğunluğu araşdırılmışdır.
Aparılmış yoxlamalar zamanı 3 qanunsuz tikinti faktı, o cümlədən 2 fərdi yaşayış evi və 1 sahibkarlıq məqsədli obyekt üzrə icazəsiz tikinti işləri aşkar edilmişdir.
Aşkar edilmiş faktlarla bağlı müvafiq aktlar tərtib olunmuş, qanun pozuntusuna yol vermiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilmiş, tikinti işlərinin dayandırılması və mövcud pozuntuların aradan qaldırılması ilə bağlı göstərişlər verilmişdir.
Aidiyyəti hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində torpaq və tikinti sahəsində qüvvədə olan qanunvericiliyin, o cümlədən Torpaq Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında” Qanunun və bələdiyyə torpaqlarının idarə olunmasını tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun tədbirlər görülmüşdür.
Bələdiyyə tərəfindən bu məsələ daim nəzarətdə saxlanılır və gələcəkdə də bu kimi halların qarşısının alınması məqsədilə müvafiq tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Tədbirlər və maarifləndirmə fəaliyyəti
Lerik Bələdiyyəsi ötən dövrdə bir sıra mühüm tədbirlərdə iştirak etmişdir.
Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 20 oktyabr 2025-ci il tarixində “Cəmiyyətdə qadınların rolunun artırılmasında bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilmiş təlimdə bələdiyyə nümayəndələri iştirak etmişdir.
Təlimin əsas məqsədi qadınların səlahiyyətləndirilməsi sahəsində Azərbaycan və Türkiyə arasında qabaqcıl təcrübələrin öyrənilməsi və qarşılıqlı təcrübə mübadiləsinin təşkili olmuşdur.
Həmçinin 24 noyabr 2025-ci il tarixində Yardımlı rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu üzvləri üçün keçirilmiş təlimdə, bələdiyyə nümayəndəsi qrupun üzvü kimi iştirak etmişdir.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında yarış 16–18 iyul 2025-ci il tarixlərində Lerik Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi ilə birgə təşkil edilmiş və yarışın keçirilməsində bələdiyyə tərəfindən də müvafiq dəstək göstərilmişdir.
Hesabat dövründə bələdiyyə tərəfindən müxtəlif istiqamətlər üzrə maarifləndirmə tədbirləri də həyata keçirilmişdir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq əhali arasında maarifləndirmə işləri aparılmış, Dövlət Proqramı ilə bağlı məlumatlar bələdiyyənin rəsmi sosial şəbəkə hesablarında paylaşılmışdır.
Bununla yanaşı, Novruz bayramı və Yeni il münasibətilə pirotexniki vasitələrdən icazəsiz və nəzarətsiz istifadənin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükələr barədə əhalinin məlumatlandırılması məqsədilə tədbirlər görülmüşdür.
Eyni zamanda, Lerik Bələdiyyəsi ərazisində iribuynuzlu və xırdabuynuzlu heyvanların nəzarətsiz şəkildə küçələrə, yaşayış məhəllələrinə və ümumi istifadədə olan ərazilərə buraxılmasının yaratdığı problemlər və bununla bağlı qanunvericiliklə nəzərdə tutulan məsuliyyət tədbirləri barədə məhəllə komitələri və sakinlərlə görüşlər keçirilmişdir.
Bu mövzularla bağlı sosial şəbəkələr vasitəsilə də məlumatlandırma aparılaraq daha geniş ictimaiyyətin maarifləndirilməsi təmin edilmişdir.
2026-cı ildə nəzərdə tutulan layihələr
2026-cı ildə həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələrin ilkin hazırlıq işləri görülmüşdür.
Belə ki, rayon üçün mühüm əhəmiyyət daşıyan məsələlərdən biri olan Lerik şəhəri Cümə məscidinin ərazisində yerləşən cənazənin yuyulması yerinin əsaslı təmiri ilə bağlı mütəxəssislər cəlb edilmiş, layihə-smeta sənədlərinin hazırlanması istiqamətində işlər aparılmışdır. Təmir işlərinə yaxın zamanda başlanılması nəzərdə tutulur.
Bununla yanaşı, şəhər ərazisində yerləşdirilmiş məişət tullantıları qutularının ətrafının daha səliqəli və estetik görünüşünün təmin edilməsi məqsədilə bələdiyyə tərəfindən taxta materialından xüsusi haşiyələrin hazırlanması üçün sifariş verilmişdir. Həmin konstruksiyaların cari il ərzində quraşdırılması nəzərdə tutulur.
Bu layihənin həyata keçirilməsi nəticəsində şəhər ərazisində tullantı konteynerlərinin yerləşdiyi ərazilərdə sanitar vəziyyətin yaxşılaşdırılmasına və ətraf mühitin daha səliqəli saxlanılmasına mühüm töhfə veriləcəyi gözlənilir.
Nəticə
2025-ci ildə Lerik Bələdiyyəsi öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmiş, yerli əhəmiyyətli məsələlərin həlli, vətəndaş müraciətlərinin operativ cavablandırılması, vergi bazasının genişləndirilməsi, sosial dəstəyin göstərilməsi, abadlıq işlərinin həyata keçirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmişdir.
Hesabat dövründə əldə edilmiş nəticələr göstərir ki, yeni yaradılmış Lerik Bələdiyyəsinin institusional imkanlarının möhkəmləndirilməsi, maliyyə imkanlarının genişləndirilməsi və yerli əhəmiyyətli məsələlərin daha səmərəli həlli istiqamətində mühüm addımlar atılmışdır.
Lerik Bələdiyyəsi qarşıdakı dövrdə də fəaliyyətini şəffaflıq, qanunçuluq, vətəndaş məmnunluğu və yerli özünüidarənin inkişafı prinsipləri əsasında davam etdirməyi, mövcud imkanlardan səmərəli istifadə etməklə əhalinin rifahına və rayonun inkişafına töhfə verməyi qarşısına əsas məqsəd kimi qoyur.